“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA VƏSAİT AYIRIB

“Azərkontrakt” Səhmdar Cəmiyyəti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə möhtərəm Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə dəstəyini ifadə edib.

Qlobal pandemiyaya çevrilmiş xəstəliklə mübarizədə sosial həmrəyliyin nümayiş etdirilməsini və xalqımızın ali dəyərlərini qorumağı özümüzə borc bilərək “Azərkontrakt” Səhmdar Cəmiyyəti daxili imkanları hesabına koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Prezident cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 manat vəsait köçürmüşdür.

Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərkontrakt” Səhmdar Cəmiyyəti və onun strukturunda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.