“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN KOLLEKTİVİ NÖVBƏTİ DƏFƏ SOSİAL HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİBLƏR

Respublikamızda yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı həssas əhali qruplarının, həmçinin aztəminatlı, tənha və ahıl ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq “Azərkontrakt” Səhmdar Cəmiyyətinin kollektivi növbəti dəfə sosial həmrəylik nümayiş etdiriblər. Belə ki, respublikamızda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Səhmdar Cəmiyyətin kollektivi xalqımızın xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ali dəyərlərinə uyğun olaraq evdə özünütəcrid vəziyyətində qalan və sosial yardıma ehtiyacı olan tənha və ahılların ehtiyaclarının ödənilməsini, onlara lazımı sosial və mənəvi köməyin göstərilməsini qərara almışlar. Bu məqsədlə “Azərkontrakt” Səhmdar Cəmiyyətinin əməkdaşları dövlət qayğısının təzahürü olaraq Bakı şəhərinin Nizami və Binəqədi rayonlarında tənha yaşayan ahıl vətəndaşlara və aztəminatlı 51 ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər. Eyni zamanda, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri tənha və ahıl insanların səhhəti ilə maraqlanmış və onlarla maarifləndirici söhbətlər aparmış, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan xüsusi karantin rejiminin qaydaları barədə məlumat veriblər. Tənha və ahıl ailələr onlara göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.