DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 20 YANVAR FACİƏSİNİN OTUZUNCU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLİB

İclasın başlanğıcında bütün şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Səhmdar Cəmiyyətin sədri Miri Qənbərov şəhidlərimizin anım mərasimini açıq elan edib məlumat verdi ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 30 il keçir. Xalqımız hələ də bu faciənin ağrı-acısı ilə yaşayır. Doğma ölkəmizin azadlığını canlarından da üstün tutan vətəndaşlarımız dəhşətli gecə həyatlarını fəda verərək şəhidlik zirvəsinə ucaldılar. Həmin vaxtlar cərəyan edən faciəvi proseslər artıq iflasa düçar olmuş SSRİ rəhbərliyinin xalqımıza və ölkəmizə qarşı törətdiyi amansız cinayət idi. O dəhşətli günlər böyük itkilərlə yadda qaldı. Misli görünməmiş cinayətin nəticəsi olaraq dinc insanlar qətlə yetirildi, yüzlərlə insanlarımız, o cümlədən uşaqlar, qocalar, qadınlar yaralandılar, itkin düşdülər. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın o vaxtkı nüfuzunu itirmiş yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

20 Yanvar faciəsinə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Sədr Miri Qənbərov çıxışının sonunda qeyd etdi ki, məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulmuş, həlak olmuş soydaşlarımıza “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, onların ailələrinə, əlil olmuş şəxslərə aylıq müavinətlərin verilməsi təmin edilmişdir.

20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü mübarizəsinin rəmzidir.