DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ 2020-Cİ İLİN GƏLİŞİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Səhmdar Cəmiyyətin sədri Miri Qənbərov yığıncağı açaraq qeyd etdi ki, vətəndaşlarımız 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni 2020-ci ili qarşılamaq ərəfəsindədir. Yeni il öz gəlişi ilə hər kəsə ümid, sevinc bəxş edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik, həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən qeyd edilir. Bu bayram xalqımızın birliyinin təntənəsidir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ilin dekabr ayında Naxçıvanda qoyulub. 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan MR Ali Məclisinin Sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq, dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Ümumilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

Miri Qənbərov onu da bildirdi ki, dünya ölkələrində yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər əsasında birləşməsi, vahid ideya uğrunda mütəşəkkil olması istiqamətində Ulu Öndərimiz Heydər Əliyevin gördüyü işlər onun layiqli davamçısı, Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda Səhmdar Cəmiyyətin sədri Yeni İl bayramının qədim tarixi olduğunu, bu bayramın dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyini, eyni zamanda Azərbaycanda da insanların məişətinə daxil olduğunu qeyd etdi və Cəmiyyətin bütün əməkdaşlarını, onların ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, uğurlar arzuladı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir