VƏZİFƏ VƏ FUNKSİYALAR

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsus olmaqla keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilmişdir.

“Azərkontrakt” ASC-nin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

-Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirmək;

-Azərbaycan Respublikasının dövlət ehtiyaclarının, strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili;

-məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafinda mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik göstərilməsi;

-Azərbaycan Respublikasının daxili istehlak bazarının istehsal-texniki təyinatlı məhsulları və əsas xalq istehlakı mallarına olan tələbatının öyrənilməsi və mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyələr verilməsi;

-xammal və materiallarla təmin etməklə sənayenin inkişafı və istehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edilməsi, bu məqsədlə həmçinin xarici investisiyaların, bank kreditlərinin və digər maliyyə ehtiyatlarının cəlb edilməsi;

-mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, habelə əhaliyə marketinq, nəqliyyat, kirayə, lizinq, informasiya və s. xidmətlərinin göstərilməsi.

“Azərkontrakt” ASC yaradıldığı ilk gündən öz vəzifələrinə uyğun olaraq respublikamızın büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarının maddi-texniki vəsaitlərlə təchiz olunmasını həyata keçirir, bir çox tender və satınalmalarda iştirak edir. Cəmiyyət öz fəaliyyətini uğurla həyata keçirmək üçün müvafiq maddi-texniki bazaya, böyük anbar təsərrüfatına, nəqliyyat və texniki vasitələrə, tez xarab olan məhsulların saxlanılmasını təmin edən iri tutumlu müasir soyuduculara və yüksək ixtisaslı peşəkar mütəxəssis kadrlara malikdir.

Qeyd etmək istərdik ki, “Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.

“Azərkontrakt” ASC-də işçilərin sosial-məişət məsələlərinə daimi olaraq qayğı göstərilir, əmək haqları mütəmadi artırılır, yeni iş yerlərinin yaradılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. “Azərkontrakt” ASC səmərəli fəaliyyət göstərən dövlət qurumudur. “Azərkontrakt” ASC-nin kollektivi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq respublika iqtisadiyyatının inkişafı istiqamətində fəaliyyətlərinin davam etdirilməsini prioritet məsələlərdən biri hesab edərək öz fəaliyyətlərini ölkə iqtisadiyyatının hazırkı yüksək səviyyəsinə uyğun tələblər əsasında həyata keçirir.