“AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Tədbiri “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Sədr müavini Güləddin Dadaşov giriş sözü ilə açaraq Cəmiyyətdə çalışan bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onların hər birinə uzun ömür, cansağlığı, xoşbəxtlik arzuladı və bildirdi ki, Azərbaycan qadınları əsrlər boyu xalqımızın taleyində böyük rol oynamışlar.

Qadınlar bu gün müstəqil respublikamızda demokratik cəmiyyətin aparıcı üzvü kimi çıxış edir. Ölkəmizi inkişaf edən firavan bir dövlətə çevirmək yolunda görülən işlərdə qadınlarımızın müstəsna əməyi var. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində xüsusi xidmətlər göstərən Azərbaycan qadını ictimai proseslərin fəal iştirakçısıdır. Qadınlar ölkəmizdə sülhün və əminamanlığın qorunub saxlanması naminə əzmkarlıq göstərir, vətəndaş həmrəyliyi və dövlətçiliyimizin daha da gücləndirilməsi, milli-mənəvi dəyərlərin daim yaşadılması və mədəniyyətimizin inkişaf etdirilməsi üçün var qüvvələrini səfərbər edirlər.

Sədr müavini çaxışının davamında qeyd etdi ki, qadınlarla bağlı Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizdə qadının cəmiyyətdə rolu və nüfuzu daim artır. Respublikamızın gender siyasətinin genişlənməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan qadınları bütün dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə milli-mənəvi dəyərlərin qorunmasında, qadın hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə maraqlı və vacib layihələr həyata keçirir.

Qadın iştirakçılığının artırılması istiqamətində Mehriban xanım Əliyevanın təşkilatçılığı və dəstəyi ilə ölkədə keçirilən beynəlxalq tədbirlər böyük əhəmiyyət daşıyır.

Sədr müavini Güləddin Dadaşov çıxışının sonunda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturunda çalışan qadınların Cəmiyyətin fəaliyyətində, uğurlarında olan müsbət rolunu qeyd etdi və bir daha sistemdə çalışan bütün qadınları bayram münasibətilə təbrik edib, işlərində böyük nailiyyətlər arzuladı, onlara pul mükafatları, hədiyyələr təqdim etdi.