DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 2019-CU İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Qənbərov çıxışına başlayaraq Cəmiyyətin və tabelikdəki təşkilatların 2019-cu ildəki fəaliyyətini təhlil edərək görülmüş işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, ötən ildə müəyyən müsbət nəticələr əldə edilmiş, bəzi təşkilat rəhbərləri fəaliyyətlərini müasir tələblərə uyğun qurmuş, bunun nəticəsində dinamik iqtisadi inkişafa nail olmuşlar. Ümumilikdə Səhmdar Cəmiyyətin hesabat ilində maliyyə-iqtisadi göstəriciləri qənaətbəxşdir. Ötən dövr ərzində işçilərin sosial-məişət məsələlərinə qayğı göstərilmiş, əmək haqları vaxtında tam həcmdə verilmiş, məvaciblərin artımı həyata keçirilmiş, bütün dövlət rüsumları, kommunal, rabitə və digər xərclər üzrə öhdəliklər dövlət qurumlarına vaxtında ödənilmişdir. Bununla yanaşı Cəmiyyətin “Avtomobil-Nəqliyyatı” Təsərrüfatının ərazisində erməni təcavüzü nəticəsində işğal olunmuş rayonlardan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdığını, onlardan bir çoxunun təşkilatlarda işlə təmin olunduğunu, ailələrinə həmişə lazımı kömək göstərildiyini bildirdi. Cəmiyyət tərəfindən zəruri tədbirlərin görülməsi, tabelikdəki təşkilatlara lazımı köməklik göstərilməsi və onların fəaliyyətlərinə nəzarətin gücləndirilməsi iş prosesində yaranan obyektiv və subyektiv çətinliklərin aradan götürülməsinə səbəb olmuş, işlərin düzgün gedişatına təkan vermişdir.
Miri Qənbərov çıxışının davamında bildirmişdir ki, iqtisadi rəqabət şəraitində Cəmiyyətin təşkilatları dövlət və digər qurumlar tərəfindən təşkil olunan tenderlərdə daha fəal iştirak etməli, fəaliyyətlərinin genişləndirilməsi məqsədilə istehlakçıların tələbatlarını öyrənməli və kollektivlərinin səyini bu işlərin həllinə yönəltməlidirlər. 2020-ci il üçün hazırlanan iş planında qeyd olunan məsələlər nəzərə alınmalı və həmin iş planı qısa müddətdə Cəmiyyətin rəhbərliyinə təsdiqə təqdim edilməlidir.
Çıxışının sonunda Miri Qənbərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və digər sahələrdə aparılan islahatların “Azərkontrakt” Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi tərəfindən dəstəkləndiyini və bu mühüm proseslərdə Cəmiyyətin aktiv iştirak edəcəyini və lazımı töhfələr verəcəyini bildirdi.