DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ QEYD OLUNUB

Səhmdar Cəmiyyətin sədri Miri Qənbərov yığıncağı açıq elan etdikdən sonra bildirdi ki, noyabr ayı ölkəmizin müstəqillik tarixində mühüm və əlamətdar hadisələrlə səciyyələnir. Dövlət Bayrağı Günü Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyinə görə respublikamızda təntənəli qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli müvafiq Sərəncamı ilə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Cəmiyyətin sədri çıxışının davamında bildirdi ki, Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlalının rəmzidir. Fəxr etməliyik ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı bu gün dünya dövlətlərinin bayraqları ilə yanaşı beynəlxalq təşkilatların qərargahları qarşısında öz layiqli yerini tutmuşdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir