DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ XOCALI SOYQIRIMININ 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLİB
Tədbirin əvvəlində Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Sədr müavini Güləddin Dadaşov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 28 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən dəhşətli qanlı faciələrlə bir sırada duran xalqımıza qarşı soyqırım törətmişlər. Xocalı soyqırımı 20-ci əsrin faciəsi kimi qiymətləndirilir. Həmin dövrdə xalqımız böyük bir müsibət yaşadı. Erməni vəhşiləri bir gecənin içində heç kimə aman vermədən yüzlərlə günahsız insanları amansızcasına qətlə yetirdilər, onların qanına bais oldular. Xocalı şəhəri yer üzündən silindi, minlərlə insan didərgin düşdülər. Erməni daşnaqları bu soyqırımı ilə dünyanın ən qəddar, qaniçən yırtıcılarından, vəhşilərindən olduqlarını növbəti dəfə nümayiş etdirdilər. Onların insan adı daşımağa layiq olmadıqları sülhsevər bəşəriyyətə bir daha sübuta yetirildi. Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olundu.
Sədr müavini çıxışının davamında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı faciəsi özünün tam siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması prosesi başlandı. Bu istiqamətdə fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl davam etdirilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox dünya ölkələrinin şəhərlərində keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyası Xocalı faciəsinin dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır. Bu siyasətin əsası hələ 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisdə Xocalıda baş vermiş hadisələrin geniş təhlili zamanı fevralın 26-ı “Xocalı Soyqırımı Günü” elan edilməklə təməli qoyuldu və həmin günün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlandı.
Hər il fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimi dövlət başçımızın iştirakı ilə yad edilir, Bakı şəhərində ucaldılmış “Ana fəryadı” abidəsinin önünə əklillər qoyulur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəşər tarixində misli görünməmiş cinayət barədə demişdir: “Xocalı soyqırımı, genosidi-bunun adı belədir!” Bir gecənin içində 613 nəfərin məhv edilməsi, min nəfərdən artıq yaralı, 1275 nəfər dinc sakinin girov götürülməsinin başqa cür qiymətləndirilməsi ola bilməz.
Sadr müavini Güləddin Dadaşov çıxışının sonunda bildirdi ki, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturunda fəaliyyət göstərən təşkilatlarda Xocalı soyqırımı qurbanlarının xatirəsinin anma mərasimləri keçirilir, şəhidlərin məzarları ziyarət olunur və əklillər qoyulur. Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.