NİZAMNAMƏ

AZƏRBAYCAN  RESPUBLİKASI

DÖVLƏT  KONTRAKT  KORPORASİYASI

“AZƏRKONTRAKT”  AÇIQ  TİPLİ  SƏHMDAR

CƏMİYYƏTİNİN

N İ Z A M N A M Ə S İ

“Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Azərkontrakt” Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 17 dekabr 1996-cı il tarixli 519 saylı Fərmanına, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin müəssisə və obyektləri haqqında” 24 iyun 1997-ci il tarixli 588 saylı Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 saylı 1997-ci il tarixli 131 S saylı Sərəncamına müvafiq olaraq yaradılır.

 

Maddə 1. Cəmiyyətin adı və hüquqi ünvanı

1.1. Cəmiyyətin tam rəsmi adı: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” açıq tipli səhmdar cəmiyyəti

Cəmiyyətin qısaldılmış adı:”Azərkontrakt” SC

1.2. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Ş.Mehdiyev  küçəsi, 83/23

 

Maddə 2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusuna sahib olur.

Cəmiyyətin üzərində öz adı yazılmış möhürü, firma nişanı (rəmzi), bankda manatla və xarici valyuta ilə hesablaşma və digər hesabları vardır.

2.2. Cəmiyyət öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Səhmdarlar cəmiyyətin öhdəliklərinə və borclarına görə yalnız öz səhmləri həcmində məsuliyyət daşıyırlar.

Cəmiyyət öz səhmdarlarının öhdəliklərinə görə cavabdeh deyildir.

2.3. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 519 saylı Fərmanı ilə Material Ehtiyatları Nazirliyinin əsasında yaradılmışdır, onun hüquqi varisidir və Nazirlər Kabinetinin 5 iyul 1997-ci il tarixli 131 S saylı Sərəncamı ilə müəyyən olunmuş struktur bölmələrinə malikdir. Bu struktur bölmələrinin hər biri hüquqi şəxsdir.

2.4. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının təsərrüfat hesablı müəssisələr üçün qüvvədə olan normativ-hüquqi aktlarına uyğun olaraq həyata keçirir.

2.5. Cəmiyyətin nizamnamə kapitalında dövlətin payı 25 faizdən çox olarsa, o, özəlləşdirmə prosesində digər dövlət əmlakının alıcısı kimi iştirak edə bilməz.

2.6. Səhmlərin nəzarət zərfi dövlət mülkiyyətində saxlanıldığı müddətdə Cəmiyyətin idarə heyətinin sədri Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur.

2.7. Cəmiyyətin nəzarət zərfi səhmlərinin dövlət mülkiyyətində olduğu bütün dövr ərzində Cəmiyyəti idarəetmə orqanlarını qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzi icra hakimiyyəti orqanı təyin edir.

2.8. Cəmiyyət səhmdarlar və digər hüquqi və fiziki şəxslər arasında yaymaq məqsədi ilə qiymətli kağızlar buraxmaq hüququna malikdir.

2.9. Səhlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanıldığı müddətdə cəmiyyət ali icra hakimiyyəti orqanının tabeliyindən çıxmır.

2.10. Cəmiyyət məhkəmə və iqtisad məhkəməsində iddiaçı və cavabdeh kimi çıxış edə bilər.

 

Maddə 3.  Cəmiyyətin məqsədi və fəaliyyətinin predmeti 

3.1. Cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdir.

3.2. Cəmiyyətin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

-Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi- texnuku təminatı və bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili;

-məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi;

-Azərbaycan Respublikasının daxili istehlak bazarının istehsal-texniki təyinatlı məhsulları və əsas xalq istehlakı mallarına olan təlabatının öyrənilməsi və mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyələr verilməsi;

-dövlət sifarişi ilə satınalmalar üzrə podratçıların seçilməsi və vasitəçi təşkilatlar, podratçı-istehsalçılarla açıq və qapalı alqı-satqı, tender, müsabiqələr yolu ilə müqavilələr bağlanması;

-respublika və dövlətlərarası topdansatış yarmarkalarının təşkili və keçirilməsi;

-xalq istehlak, ərzaq və istehsal-texniki təyinatlı malların manatla, xarici valyuta ilə nağd və köçürmə yolu ilə topdan və prakəndə satışının keçirilıməsi;

-xammal və materiallarla təmin etməklə sənayenin inkişafı və istehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edilməsi, bu məqsədlə həmçinin xarici investisiyalarının, bank kreditlərinin və digər maliyyə ehtiyatlarının cəlb edilməsi;

-mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, habelə əhaliyə marketinq, nəqliyyat, kirayə, lizinq və informasiya xidmətlərinin göstərilməsi;

-dövlətlərarası ticarət-iqtisadi əlaqələr üzrə Azərbaycan Respublikasının müqavilə öhdəliklərinin yerinə yetirilməsi, müqavilənin digər iştirakçıları tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.

 

Maddə 4.  Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

4.1. Dövlət müəssisəsi səhmdar cəmiyyəti kimi qeydiyyata alındığı andan onun əmlakı səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur.

Cəmiyyətin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisələrinin əmlakı verilir.

4.2. Cəmiyyətin əmlakı:

-keçmiş Material Ehtiyatları Nazirliyinin aşağıda sadalanan əmlakı:

  • Azərkirayə müəssisəsi
  • Azəryüngülyeyintisənaye birliyi
  • Azərmaşavadanlıq idarəsi
  • Azərmetal birliyi
  • Qax istirahət evi
  • Moskva filialı

-keçmiş Ticarət Nazirliyinin aşağıda sadalanan əmlakı:

  • Azərətsüd topdansatış birliyi
  • Azərbakkaleyya topdansatış kontoru
  • Azintreyd xarici ticarət birliyi
  • İstehsalat avtoekspedisiya birliyi

-təsərrüfat fəaliyyəti nəticəsində istehsal olunmuş məhsul (iş, xidmət);

-əldə edilmiş gəlirlər;

-qanunvericiliyə uyğun qaydada əldə edilmiş digər əmlak.

4.3. Cəmiyyət ehtiyat, sığorta və digər fondlar yaradır. Bu fondların tərkibi, təyinatı, həcmi, maliyyə mənbələri və istifadə qaydaları Müşahidə Şurası tərəfindən müəyyən edilir.

4.4. Cəmiyyət öhdəliklərinə görə onun qanunla müəyyən edilmiş qaydada məcburi müsadirə oluna bilən əmlakı ilə məsuliyyət daşıyır.

4.5. Nizamnamə kapitalı yeni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırıla bilər.

4.6. Cəmiyyətin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin azaldılması və cəmiyyətin səhmlərinin ümumi sayını azaltmaq məqsədi ilə yerləşdirilmiş səhmlərin bir hissəsinin geri alınması və ləğv edilməsi yolu ilə azaldıla bilər.

4.7. Cəmiyyətin nizamnamə kapitalı: 67693411900  manat və ya 6769341 ədəd səhm.

Bunlardan:

1) Azərətsüd icarə topdansatış birliyi    – 9557330.0

2) Azərbakkaleyya topdansatış kontoru – 2079892.0

3) Azintreyd xarici ticarət birliyi            – 9281355.2

4) Azərkirayə müəssisəsi                        – 6026920.6

5) Azəryüngülyeyintisənaye birliyi         – 1431161.4

6) Azərmaşavadanlıq idarəsi                   – 17426886.2

7) Azərmetal birliyi                                 – 16021763.2

8) Qax istirahət evi                                  – 643150.5

9) Azərkontrakt SC Moskva filialı          – 894.8

10) İstehsalat avtoekspedisiya birliyi      – 5224058.0

4.8. Cəmiyyətin dövlət mülkiyyətində saxlanılan adi səhmləri:

6769341 ədəd və ya nizamnamə kapitalının 100 faizi.

Bir səhmin nominal dəyəri: 10000 (on min) manat.

Adi səhmlərin ümumi sayı: 6769341 ədəd və ya nizamnamə kapitalının 100 faizi.

4.9. Cəmiyyətin dövlət mülkiyyətində saxlanılan səhmlərinin satış vaxtı, forması və qaydası Dövlət Əmlak Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Qərarı ilə müəyyən edilir.

4.10. Cəmiyyət özünün qiymətli kağızlarının yerləşdirilməsini, satışını, qiymətini qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirir.

4.11.Cəmiyyətin səhmlərinin satışı zamanı Azərbaycan Respublikasının bir hüquqi və fiziki şəxsinə (səhmdara), habelə xarici investora məxsus olan səhmlərin sayına məhdudiyyət qanunvericiliklə müəyyən edildiyi halda qoyula bilər.

 

Maddə 5.  Səhmdarların hüquq və vəzifələri

5.1. Səhmlərin hər bir sahibinin səhmdarların yığıncağında şəxsən və ya səlahiyyətli nümayəndənin vasitəsilə iştirak etmək və bu Nizamnaməyə uyğun olaraq baxılmaq üçün təklif vermək hüququ vardır.

5.2. Cəmiyyətdə imtiyazlı və adi səhm sahibinin qanunvericilikdə nəzərdə tutulan qaydada səhmləri özgəninkiləşdirmək hüququ vardır.

5.3. Səhmlərin bütün kateqoriya və növləri üzrə dividendlər (müvəqqəti şəhadətnamələr də daxil olmaqla) yalnız yerləşdirilmiş səhmlər müqabilində ildə bir dəfə və ya rüblər üzrə verilə bilər.

Dividendlərin verilmə tarixi Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir.

5.4. Səhmdarların yığıncağında bir adi səhm sahibi bir səs hüququna malikdir.

 

Maddə 6.  Cəmiyyətin törəmə müəssisələrlə və strukrur bölmələri ilə qarşılıqlı münasibəti

6.1. “Azərkontrakt” Səhmdar Cəmiyyəti törəmə səmdar cəmiyyətlərinin birliyidir.

6.2. Cəmiyyətin törəmə müəssisələrlə və digər bölmələrlə qarşılıqlı münasibəti Azərbaycan Respublikası qanunlarına və normativ aktlarına, bu Nizamnaməyə, Dövlət Əmlak Komitəsinin razılığı əsasında Cəmiyyət tərəfindən təsdiq edilən və dövlət qeydiyyatına alınan müəssisə nizamnaməsinə uyğun olaraq tənzimlənir.

6.3. Cəmiyyətin strukturuna daxil olan müəssisələr:

-bu nizamnaməyə riayət etməyə, onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə, vəzifələrini yerinə yetirmək üçün cəmiyyətə köməklik göstərməyə;

-Müşahidə Şurasının müəyyən etdiyi normativlər əsasında öz xalis mənfəətindən mərkəzləşdirilmiş fondlara ayırmalar etməyə borcludurlar.

6.4. Cəmiyyətin strukturuna daxil olan müəssisələr:

-Cəmiyyətin rəhbər orqanlarında baxılmaq üçün özünün və digər müəssisələrin təsərrüfat fəaliyyətinə aid məsələlər üzrə təkliflər vermək, cəmiyyətin rəhbər orqanlarının iclasında bu məsələlərin müzakirəsində iştirak etmək;

-cəmiyyətin fəaliyyətinin yekunlarına baxılmasında iştirak etmək;

-törəmə səhmdar cəmiyyət hüquqi statusu ilə fəaliyyət göstərmək;

-hüquqi şəxs kimi maliyyə nəticələrini formalaşdırmaq, mərkəzləşdirilmiş fondlara ayırmalardan sonra sərəncamında qalan xalis mənfəətdən müstəqil surətdə istifadə etmək hüquqlarına malikdir.

6.5. Əsas səhmdar cəmiyyət törəmə səhmdar cəmiyyətlər tərəfindən qəbul edilən qərarları nəzərə alaraq onlara icrası məcburi olan göstərişlər vermək hüququna malikdir. Bu hüquq törəmə səhmdar cəmiyyətlə bağlanılan müqavilədə və onun nizamnaməsində nəzərdə tutulmalıdır.

6.6. Törəmə səhmdar cəmiyyətin yaradılması qaydaları və şərtləri Azərbaycan Respublikası müvafiq normativ-hüquqi aktları, bu nizamnamə və səhmdarların ümumi yığıncağının qərarı, səhmlərin nəzarət zərfi dövlət mülkiyyətində saxlanıldığı müddətdə Dövlət Əmlak Komitəsinin Sərəncamı ilə tənzimlənir.

 

Maddə 7.  Səhmdarların ümumi yığıncağı

7.1. Səhmdarların ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır.

Cəmiyyət ildə bir dəfə səhmdarların illik yığıncağını keçirir. İllik yığıncaqla yanaşı növbədənkənar yığıncaq keçirilə bilər. Səhmdarların növbədənkənar yığıncaqlarını cəmiyyətin İdarə heyətinin sədri Müşahidə şurası, Təftiş komissiyası üzvlərinin əksəriyyətinin və ya Cəmiyyətin adi səhmlərinin ən azı 10 faizinin sahibi olan səhmdarların yazılı formada verilmiş tələbi əsasında çağırmağa borcludur. Bu tələbnamədə yığıncağın keçirilməsi məqsədi əks etdirilməlidir.

Səhmdarların yığıncağının keçirilməsi və onun gündəliyi haqqında yazılı bildiriş yığıncağın çağırılmasına ən azı 45 gün qalmış hər bir səhmdara sifarişli məktubla səhmdarın reyestrində  göstərilmiş ünvana göndərilməlidir. Bildiriş və yığıncağın gündəliyi haqqında məlumat yığıncağın qərarı ilə müəyyən olunmuş qəzetdə elan dərc etmək yolu ilə də həyata keçirilə bilər, bildirişdən sonra yığıncağın gündəliyi dəyişdirilə bilməz.

7.2. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün yığıncaqların keçirilməsi üçün tələb olunan yetərsay cəmiyyətin cəhmdarlarının ən azı 60 faiz səhmə sahib hissəsinin iştirakı ilə təmin edilir. Yetərsay olmadığında yeni yığıncağın vaxtı təyin edilir. Bu halda qərar səhmdarların əksəriyyətinin bir səhm – bir səs prinsipi əsasında keçirilən səsvermədə səsçoxluğu ilə qəbul edilr.

7.3. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər daxildir:

  1. Nizamnaməyə dəyişikliklər və əlavələr edilməsi;
  2. Nizamnamə kapitalının dəyişdirilməsi;
  3. Müşahidə Şurası və İdarə heyəti üzvlərinin daxili intizam qaydalarının qəbul edilməsi;
  4. Balansın, mənfəət və zərər hesablarının, Sədrin və Təftiş komissiyasının hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi;
  5. Səhmlərə verilən dividendin məbləğinin təsdiq edilməsi;

Dividendin miqdarı Müşahidə Şurasının tövsiyə etdiyindən çox ola bilməz.

  1. Təftiş komissiyası üzvlərinin və müstəqil kənar auditorların təyini, habelə onların fəaliyyət dairəsinin və mükafatlandırılmasının müəyyən edilməsi;
  2. Filialların, nümayəndəliklərin və digər bölmələrin mövcud qanunvericiliyə uyğun olaraq yaradılması və fəaliyyətinin dayandırılması;
  3. Qiymətli kağızların buraxılması, alınması, satılması və növləri haqqında qərarların qəbul edilməsi;
  4. Cəmiyyət üçün öhdəlik yaradan və Müşahidə şurası səlahiyyətlərindən kənara çıxan saziş və digər əməliyyatların təsdiq edilməsi;
  5. Sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri Cəmiyyətin aktivlərinin 10 faizindən çox olan hallarda onun daşınmaz və ya istənilən əmlakını girov qoymaq, icarəyə vermək, satmaq, dəyişdirmək, balansdan balansa vermək və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarların qəbuledilməsi;

11.Törəmə və asılı səhmdar cəmiyyətlərinin yaradılması, cəmiyyətin digər müəssisə və birliklərdə iştirak etməsi haqqında qərarların qəbul edilməsi;

  1. Cəmiyyətin birləşməsi, bölünməsi, ayrılması və digər təşkilatı-hüquqi formaya çevrilməsi haqqında qərarların qəbul edilməsi;
  2. Cəmiyyətin ləğvi, ləğvetmə komissiyasının yaradılması və onun hesabatının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsi;
  3. Müşahidə Şurası üzvlərinin, İdarə heyəti üzvlərinin seçilməsi və geri çağırılması, İdarə heyəti sədrinin təyin edilməsi;

Cəmiyyətin bu nizamnamənin 7.3. bəndini pozan vəzifəli şəxslərinin hərəkəti onların qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak məsuliyyətinə cəlb edilməsi üçün əsasdır;

  1. Cəmiyyətin vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərarın çıxarılması;

7.4. Bu maddənin 7.6. bəndlərində nəzərdə tutulan məsələlər istisna olmaqla, qalan məsələlər üzrə qərar yığıncaqda iştirak edən adi səhmlərin sahibi olan səhmdarların səs çoxluğu ilə qəbul olunur.

7.5. Cəmiyyət dövlət qeydiyyatına alındığı vaxtdan, səhmdarların birinci ümumi yığıncağı keçirilənədək bu maddənin 7.3. bəndinin 14-cü hissəsində nəzərdə tutulan səlahiyyətlər aşağıdakı qaydada həyata keçirilir:

  1. a) Cəmiyyətin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir;
  2. b) Cəmiyyətin İdarə Heyətinin üzvləri Nazirlər Kabineti tərəfindən təyin edilir;
  3. v) Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərini Dövlət Əmlak Komitəsi həyata keçirir.

 

7.6. Səhmdarların birinci ümumi yığıncağı yalnız Cəmiyyətin səhmlərinin ən azı 25 faizi özəlləşdirildikdən sonra keçirilir.

7.7. Cəmiyyətin cəhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək üçün dövlət nümayəndəsi Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq təyin edilir.

7.8. Səhmdarı olduğu bütün dövr ərzində cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilməsinə Dövlət Əmlak Komitəsinin razılığı olmadan yol verilmir.

7.9. Bu maddənin 7.3. bəndinin 10, 11, 12 hissələrində nəzərdə tutulan məsələlər üzrə qərar qəbul edilərkən Dövlət Əmlak Komitəsinin əvvəlcədən razılığı alınır.

 

Maddə 8.  Müşahidə Şurası və İdarə Heyəti

8.1. Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin əsas vəzifəsi Cəmiyyətin mənfəətinin artırılması məqsədi ilə siyasət işləyib hazırlamaq, Cəmiyyətin özəlləşmə planının yerinə yetirilməsini təmin etməkdir. Müşahidə Şurası üzvləri cəmiyyətin səhmdarlarından, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət icra hakimiyyəti orqanının nümayəndəsindən, azsaylı səhm sahiblərinin nümayəndəsindən və digər kənar şəxslərdən seçilə bilərlər.

8.2. Müşahidə Şurası və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının “Səhmdar Cəmiyyəti haqqında” Qanunu çərçivəsində fəaliyyət göstərir.

Müşahidə Şurası və İdarə Heyəti üzvünün  tərəflərdən biri Cəmiyyət olan və ya olmağı nəzərdə tutulan sazişlərdə maliyyə marağı olarsa, həmçinin mövcud və ya güman edilən sazişlərdə göstərilən şəxsin və Cəmiyyətin maraqları arasında ziddiyətlər olarsa:

– o, saziş bağlanana qədər öz marağı haqqında Müşahidə Şurasına xəbər verməlidir;

– saziş maliyyə marağı olmayan Müşahidə Şurası üzvlərinin və ya səhmdarların əksəriyyəti tərəfindən bəyənilməlidir;

– özünün maliyyə marağı və ya digər ziddiyyətlər haqqında yuxarıda göstərilən qaydada Müşahidə Şurasına xəbər verən Müşahidə Şurası üzvü və ya İdarə Heyətinin üzvü belə sazişlərin müzakirəsində və səsverməsində iştirak edə bilməz. Şəxsi maliyyə maraqlı Müşahidə Şurası üzvü və İdarə Heyəti üzvü o şəxslərdir ki, onlar aşağıda göstərilən hüquqi və ya fiziki şəxslərlə əmək münasibətində olsunlar, sahibkar və kreditor hüquqlarına malik olsunlar:

– Cəmiyyət mal göndərir və ya xidmət göstərir;

– Cəmiyyətin istehsal etdiyi məhsulu və ya xidmətin əsas istehlakçısıdır;

– Cəımiyyətin əmlakına sərəncam verməklə qazanc əldə edirlər;

– əmlakı tamamilə və ya qismən Cəmiyyət tərəfindən yaradılıb.

8.3. Müşahidə Şurası üzvləri və İdarə Heyəti üzvləri bu Nizamnamənin 8.1. bəndində nəzərdə tutulan məqsədlərdən başqa digər məqsədlər üçün Cəmiyyətin imkanlarından istifadə etməməli və ya istifadə olunmasına yol verməməlidir.

“Cəmiyyət imkanları” termini dedikdə bu maddədə aşağıdakılar əhatə olunur:

– Cəmiyyətə məxsus olan bütün əmlak və qeyri-əmlak hüquqları;

– təsərrüfat fəaliyyəti sahəsində imkanlar;

– Cəmiyyətin fəaliyyəti və planları haqqında məlumatlar;

– Cəmiyyətin onun üçün maraq doğuran istənilən hüquq və səlahiyyətləri.

8.4. Marağı olmayan Müşahidə Şurası üzvlərinin və ya Cəmiyyətin adi səhmlərinin əksəriyyətinin sahibi olan səhmdarların icazə verdiyi hallar istisna olmaqla, Müşahidə Şurası üzvləri və İdarə heyəti üzvləri bu funksiyaları icra etdikləri dövr ərzində Cəmiyyətlə rəqabət aparan müəssisə təsis etmək və ya müəssisədə iştirak etmək hüququ yoxdur.

8.5. Müşahidə Şurası və İdarə Heyəti üzvləri səhmdarların yığıncağının müəyyən etdiyi digər qaydalara da əməl etməlidirlər.

8.6. Müşahidə Şurası üzvlərinin və İdarə Heyəti üzvlərinin Müşahidə Şurası və İdarə Heyətinin qərar qəbul etməsinə təsir göstərmək xidmətinə görə dolayı yolla və ya birbaşa mükafat almaq hüququ yoxdur.

Müşahidə Şurası və İdarə Heyəti üzvləri bu maddənin müddəalarını pozmaq nəticəsində vurduqları ziyana görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

8.7. Müşahidə Şurası və İdarə Heyətinin  üzvləri Cəmiyyət qarşısında ona vurduqları ziyana görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 9.  Müşahidə Şurasının iclası

9.1. Müşahidə Şurasının iclası rübdə bir dəfədən gec olmayaraq çağırılır. Şuranın illik iclası maliyyə ili qurtarandan sonra üç aydan gec olmayaraq Cəmiyyətin illik balansına, mənffəət və zərərin hesablarına və auditorun hesabatına baxmaq üçün çağırılır. İllik iclas İdarə Heyəti sədrinin təşəbbüsü ilə çağırılır. İllik iclasda Sədr maliyyə vəziyyəti haqqında tam məlumatı, Cəmiyyətin əsas təsərrüfat nəticələri və planları haqqında tam hesabatları Şuraya təqdim edir.

Şuranın növbədənkənar iclasları onun istənilən iki üzvünün tələbi əsasında çağırıla bilər.

9.2. Şuranın iclasları haqqında bildiriş Müşahidə Şurasının müəyyən etdiyi qaydada uyğun olaraq yazılı formada Şura üzvlərinin hər birinə göndərilir. Bildirişdə iclasın gündəliyi göstərilir. Bildirişə gündəliklə bağlı olan bütün sənədlər əlavə edilir. Şuranın iclasında gündəliyə daxil edilməyən məsələyə baxıla bilməz. Lazım olan hallarda Şuranın iştirak edən üzvlərinin əksəriyyətinin razılığı ilə, Şuranın istənilən iclası təxirə salına bilər.

9.3. Müşahidə Şurasının qərarı onun üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir.

9.4. Bütünlükdə adi səhmlərin ən azı 5 faizinə malik olan səhmdarların, Müşahidə Şurası üzvlərinin, Təftiş komissiyasının və Cəmiyyətin sədrinin təklif etdiyi məsələlər baxılmaq üçün iclasın gündəliyinə daxil edilir.

9.5. İclasların protokolları Müşahidə Şurasının müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.

9.6. İclasların protokolları ilə Cəmiyyətin hüquqi ünvanında və ya Şuranın müəyyən etdiyi yerdə səhmdarlar, Şuranın üzvləri və ya nümayəndələri tanış ola bilərlər. Bütün protokollar iclasın sədri və katibi tərəfindən imzalanmalıdır.

 

Maddə 10.  Müşahidə Şurasının səlahiyyətləri

10.1. Müşahidə Şurası, səhmdarların ümumi yığıncağının səlahiyyətinə daxil olan məsələlər istisna olmaqla, Cəmiyyətin fəaliyyəti və cari işlər üzrə bütün məsələlər haqqında qərar qəbul etmək hüququna malikdir.

10.2. Müşahidə Şurasının, Azərbaycan Respublikası qanunvericiliyində və bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, öz səlahiyyətlərini başqa şəxslərə və orqanlara vermək hüququ yoxdur.

10.3. Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir və onlar üzrə qərar qəbul etməyə borcludur:

– Nizamnamə kapitalının artırılması və azaldılmasının miqdarı, şərtləri və qaydası haqqında səhmdarların ümumi yığıncağına tövsiyələr verilməsi;

– əvvəlki nominal dəyərlə yeni səhmlərin buraxılması və istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi yolu ilə Nizamnamə kapitalının artırılması, habelə səhmləri dövriyyədən çıxarmaq və ləğv etmək yolu ilə Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağa tövsiyələr verilməsi;

– İdarə Heyətinin sədri tərəfindən təqdim olunan “Səhmdar Cəmiyyətin idarə heyəti haqqında əsasnamə”nin təsdiq edilməsi;

– Cəmiyyətin daxili münasibətlərini tənzimləyən normativ sənədlərin təsdiq edilməsi;

– Cəmiyyətin strateji inkişaf istiqamətlərinin və proqramlarının qəbul edilməsi və həyata keçirilməsinin təmin edilməsi;

– filiallar, nümayəndəliklər, törəmə cəmiyyətlər yaratmaq üçün səhmdarlara tövsiyələr verilməsi;

– bütün hesabların, hesabatların, ərizələrin, mənfəət və zərərin hesablama sisteminin (amortizasiya ayırmalarına aid qaydalar da daxil olmaqla) təqdim edilməsi qaydalarının müəyyən olunması;

– ssudaların, borcların, kreditlərin və zəmanətlərin alınması və verilməsi üzrə siyasətin müəyyənləşdirilməsi;

– səhmdarlara verilən dividendlərin məbləği haqqında tövsiyələr verilməsi;

– İdarə Heyətinin təqdimatına əsasən Cəmiyyətin əvvəlki ildəki dövriyyəsinin 10 faizindən çoxunu təşkil edən investisiya qoyuluşunu həyata keçirmək haqqında qərar qəbul edilməsi (birinci il bazasında yaradıldığı dövlət müəssisəsinin dövriyyəsi əsas götürülür);

– səhmdarların ümumi yığıncağının müəyyən etdiyi qaydada Cəmiyyətin əvvəlki rübdəki dövriyyəsinin 20 faizindən çox olan sazişlərin bağlanmasının təsdiq edilməsi (dövlət müəssisəsinin dövriyyəsi Cəmiyyətin fəaliyyətinin birinci rübündə əsas götürülür).

 

Maddə 11.  Cəmiyyətin Sədri və İdarə Heyəti

11.1. Sədr Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq bu vəzifəni həyata keçirmək üçün ona lazımi səlahiyyətlər verilir. Sədr öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə ciddi riayət etməklə qurur, istehsalda əməqin təhlükəsizliyi üçün şərait yaradılmasına görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11.2. İdarə Heyəti Cəmiyyətin icra orqanıdır. Sədr İdarə Heyətinin strukturunu və ştatını formalaşdırır. İdarə Heyəti Müşahidə Şurasının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

11.3. Müşahidə Şurasının iclaslarında və səhmdarların yığıncağında İdarə Heyətinin adından İdarə Heyətinin Sədri iştirak edir.

11.4. Sədr Cəmiyyət adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət və digər orqanlarda onu təmsil edir, banklarda hesablar açır, icrası məcburi olan əmr və göstərişlər verir, daxili intizam qaydalarını müəyyən edir.

 

Maddə 12.  Cəmiyyətdə uçot və hesabatlar 

12.1. Cəmiyyətin balansı, mənfəət və zərərlərin hesabı manatla tərtib edilir.

12.2. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatından keçdiyi gündən başlayır və cari ilin dekabr ayının 31-də qurtarır. Sonrakı maliyyə illəri yanvarın 1-dən başlayır və dekabrın 31-də qurtarır.

12.3. Balans, mənfəət və zərərin hesablanması, habelə hesabata aid olan digər maliyyə sənədləri mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilir.

12.4. Cəmiyyətin yerləşdiyi ünvanda tam sənədləşdirmə aparılır, o cümlədən:

– sonrakı dəyişikliklər və əlavələrlə birlikdə Cəmiyyətin təsis sənədləri, Cəmiyyətdə daxili münasibətləri tənzimləyən normativ sənədlər;

–  Cəmiyyətin özünün və həmçinin qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanların apardığı təftişləri təmin edən bütün mühasibat sənədləri;

–  mövcud qanunvericiliyə uyğun olaraq səhmdarların siyahısı;

– səhmdarların iclaslarının, Müşahidə Şurasının və Təftiş Komissiyasının iclaslarının protokolları;

– Cəmiyyəti təmsil etmək üçün etibarnaməsi olan şəxslərin siyahısı;

– Müşahidə Şurasının bütün üzvlərinin və Cəmiyyətin müdiriyyətinin vəzifəli şəxslərinin siyahısı. Səhmdarlar və onların nümayəndələri bütün bu sənədlərlə iş günü ərzində tanış ola bilərlər;

– Kommersiya sirlərinə aid olan sənədlər istisna olmaqla, səhmdarların göstərilən sənədlərin surətini çıxarmaq hüquqları var.

 

Maddə 13.  Maliyyə-təftiş komissiyası 

13.1. Maliyyə- təftiş komissiyası ən azı 3 (üç) nəfərdən ibarət yaradılır və Cəmiyyətin adi səhmlərinin ən azı əlli (50%) faizinə sahib olan səhmdarların ümumi yığıncağında seçilir. Maliyyə- təftiş komissiyasının üzvləri Cəmiyyətin səhmdarı ola bilməzlər.

13.2. Maliyyə- təftiş komissiyası səhmdarların yığıncaqlarına ən azı on gün qalmış illik yoxlamaların nəticələri haqqında hesabatı Müşahidə Şurasına təqdim edir. Hesabat bu Nizamnamənin 12-ci maddəsi əsasında müəyyən edilmiş maliyyə hesabatı və mühasibat uçotunun aparılması üsullarına və qaydalarına uyğun olaraq tərtib edilir. Cəmiyyətin adi səhmlərinin ən azı on faizinə sahib olan səhmdarların və ya Müşahidə Şurasının əksəriyyətinin yazılı sorğusu əsasında növbədənkənar təftiş aparıla bilər. Cəmiyyətin işçiləri maliyyə-təftiş komissiyasını tələb olunan bütün məlumatlarla və sənədlərlə vaxtında təmin etməlidirlər. Maliyyə- təftiş komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edə bilməz.

 

Maddə 14.  Cəmiyyətin ləğvi və yenidən təşkili

14.1. Cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər:

– səhmdarların ümumi yığıncağının qərarı ilə;

– iflas elan olunduqda;

– Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda iqtisad məhkəməsinin qərarı ilə.

14.2. Cəmiyyət ləğv edilərkən, məhkəmənini hökmü ilə ləğvetmə istisna olmaqla, Müşahidə Şurası ləğvetmə komissiyası yaradır, ləğvetmənin aparılma qaydasını və müddətini təyin edir, kreditorlar üçün ləğvetmə elan olunandan iki aydan az və üç aydan çox olmamaq şərti ilə iddia vermək müddətini müəyyənləşdirir.

14.3. Ləğvetmə komissiyası ləğvetməni aparır, ləğvetmə balansını tərtib edir və Müşahidə Şurasına təqdim edir. Təyin olunduğu gündən ləğvetmə komissiyası Müşahidə Şurasının, İdarə Heyətinin və Sədrin funksiyalarının icrasını öz üzərinə götürür. Həmin gündən ləğvetmə komissiyası Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə onun yeganə vəkil edilmiş nümayəndəsidir. Komissiya yarandığı vaxtdan aşağıdakı tədbirləri həyata keçirir:

– Cəmiyyətin yerləşdiyi ərazidə rəsmi mətbuatda onun ləğv edilməsi, kreditorların iddia ərizəsinin verilmə qaydası və müddəti haqqında elan dərc edir. Komissiya yarandığı vaxtdan bir həftədən gec olmayaraq mətbuatda birinci elanın verilməsini təmin etməli və bu elanı on dörd gündən tez və qırx gündən gec olmamaq şərti ilə təkrar edir. Ləğvetmə komissiyası Cəmiyyətin debitor borclarının alınması və kreditorların iddialarının ödənilməsi üzrə işləri təşkil edir.

14.4. Ləğvetmə komissiyası kreditorlarla hesablaşmaları Azərbaycan Respublikası “Səhmdar cəmiyyəti” haqqında qanunla müəyyən edilmiş ardıcıllıqla və qaydaya əməl etməklə həyata keçirir.

14.5. Cəmiyyətin əmlakı ləğvetmə komissiyası tərəfindən auksionda satılır. Onun satışından daxil olan vəsaitlər kreditorların iddialarının ödənilməsinə yönəldilir. Qalan aktivlər qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdarlar arasında bölüşdürülür.

14.6. Əgər vəsait bütün kreditorlar qarşısında öhdəlikləri tam ödəmək üçün çatmasa, Cəmiyyətin vəsaitləri kreditorlar arasında onların iddialarına proporsional şəkildə qanunla müəyyən edilmiş növbəyə uyğun olaraq bölüşdürülür.

14.7. Cəmiyyət Dövlət reyestrindən çıxarıldığı vaxtdan ləğv edilmiş hesab olunur.

14.8. Cəmiyyətin bölünməsi və ayrılması haqqında qanunla müəyən edilmiş qaydada qərar qəbul olunarkən onun aktivlərinin hissəsi yeni yaradılan səhmdar cəmiyyətinin Nizamnamə kapitalına pay kimi verilir və müqabilində onun səhmləri və qiymətli kağızları alınır. Qanunvericiliyə uyğun olaraq Cəmiyyət digər formalarda da yenidən qurula bilər.

14.9. Yenidən təşkiln və ləğvin bu Nizamnamə ilə nəzərdə tutulmayan şərtləri və qaydaları mövcud qanunvericiliklə tənzimlənir.

14.10. Cəmiyyətin yenidən təşkili haqqında qərar mövcud normativ hüquqi akt əsasında qəbul edilir.

14.11. Cəmiyyətin törəmə və digər bölmələrinin ləğvi və yenidən təşkili (birləşdirilməsi, bölünməsi, ayrılması, çevrilməsi) mövcud qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.