17 DEKABR DÖVLƏT KONTRAKT KORPORASİYASI “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN YARANMA GÜNÜDÜR

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsus olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin bazasında yaradılmışdır. Səhmdar Cəmiyyətinin əsas fəaliyyəti dövlət ehtiyaclarının, strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkilini həyata keçirməkdən ibarətdir. Cəmiyyət yaradıldığı ilk gündən öz vəzifəsinə uyğun olaraq, ölkənin büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarının maddi-texniki vasitələrlə və ərzaq məhsulları ilə təchiz olunmasını həyata keçirir, bir çox tender və satınalmalarda fəal iştirak edir. Cəmiyyət öz fəaliyyətini uğurla həyata keçirmək üçün müvafiq maddi-texniki bazaya və yüksək ixtisaslı peşəkar mütəxəssis kadrlara malikdir.

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin respublikamızın paytaxtı və digər regionlarında 14 birlik və müəssisələri fəaliyyət göstərir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq Cəmiyyətin və tabeliyindəki təşkilatların rəhbərliyi tərəfindən daimi yeni iş yerlərinin açılması və əmək haqlarının mütəmadi artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Hal-hazırda “Azərkontrakt” Səhmdar Cəmiyyəti səmərəli fəaliyyət göstərən dövlət qurumudur. Səhmdar Cəmiyyət olaraq fəaliyyətimizi ölkə iqtisadiyyatının hazırkı yüksək səviyyəsinə uyğun tələblər əsasında qurulmasını vacib hesab edir və bu istiqamətdə öz töhfələrimizi vermək niyyətindəyik.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir